Mozo - Tanışlıq tətbiqetməsi
Salam. Github repolarımı qarışdırarkən illər əvvəl hazırladığım, Mozo adını verdiyim application ilə qarşılaşdım 🙂 Həmin ərəfələrdə heç bir freelancer işim olmadığı üçün və Socket.IO ilə təcrübə qazanmaq üçün belə bir app yaratmaq qərarına gəldim.
Təbiki bir Web developer olaraq Cordovaya yönəldim. Açığı həmin vaxtlar işimi yetərincə görmüşdü. O vaxtlar ən böyük problem istifadəçilərə bildiriş göndərmək məsələsi idi. Onu da birtəhər həll etməyi bacarmışdım.
Vuetify ilə də ilk tanışlığım bu application sayəsində olub. Düzdür hal-hazırda istifadə etmirəm, amma xatırladığım qədərilə vaxt cəhətdən çox işimə yaramışdı. Öyrənmək üçün documentation-ı tam oxuyub bitirmişdim. Maraqlıydı, amma təəssüf ki artıq Vuetify məni cəzb etməyi bacarmır.
Bir müddət istifadə etdikdən sonra bu işdən sıxılaraq backendi bağlamaq qərarına gəlmişdim. Mənim üçün böyük təcrübə idi. Socket məntiqini demək olar ki, həmin vaxtlar daha yaxşı qavramışdım. Eyni zamanda socket istifadəsi zamanı middleware məsələsini də həll etməyi öyrənmişdim.
Fikrimdə bu reponu public edərək sizlərə də təqdim etmək var, amma repoda gəzərkən lazımsız çox məlumatların olduğunu gördüm. Biraz təmizlik işləri gördükdən sonra yəqin ki, reponu public edəcəm.